Beynəlxalq idman tədqiqatları mərkəzi “böyük beşliyə” daxil olan futbol çempionatlarında komandaların xərclədiyi pulları hesablayıb. Qurum klubların indiki heyəti formalaşdırmaq xərclədikləri pulun miqdarını müəyyənləşdirib. İlk pillələrdə İngiltərə kollektivləri üstünlük təşkil edir.
“Böyük beşliyə” daxil olan ölkələrin futbol çempionatlarında ən çox pul xərcləyən klublar müəyyənləşdirilib. Beynəlxalq idman tədqiqatları mərkəzi bu haqda rəsmi məlumat dərc edib. Siyahının ilk 10-luğunda İngiltərənin 6, İspaniyanın 2, İtaliya və Fransanın hərəyə 1 təmsilçisini görürük. Cədvəlin lideri “Mançester Siti” indiki heyəti formalaşdırmaq üçün 1 milyard avrodan biraz çox xərc çəkib. “Pari Sen Jermen” 888 milyonla 2-ci pillədədir. Son illər elə də yaxşı nəticələr qazana bilməyən “Mançester Yunayted” isə 844 milyon avro ilə ilk 3-lüyü tamamlayır. Yenilənən klublardan “Barselona” 826 milyon xərclə 4-cü, “Çelsi” isə 763 milyon avro ilə 5-cidir. Son 40 ildə ilk dəfə 1 “transfer pəncərəsi” dövründə heç bir futbolçunu heyətinə cəlb etməyən “Real” 708 milyon avroluq göstərici ilə 6-cıdır. 30 ildən sonra İngiltərə çempionluğu sevinci yaşayan “Liverpul” 666 milyonla 7-ci, “Yuventus” 594 milyonla 8-ci pillədədir. İlk 10-luğu İngiltərə klubları tamamlayır. “Arsenal” 590 milyon avro ilə 9-cu, “Everton” 504 milyon sərfiyyatla 10-cu sıradadır.