Futbol üzrə milli komandamız Millətlər Liqasının 4-cü turunda Kipr millisini qəbul edəcək. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi səbəbindən UEFA-nın qərarı ilə matç neytral meydanda Albaniyada keçiriləcək.

Yığmamız Montoneqroya məğlubiyyətdən sonra bu görüşdə qələbə qazanaraq qrupdakı vəziyyətini yaxşılaşdırmaq istəyir. Futbolçularımız oyuna ciddi itki ilə çıxacaq. Cəzalı olan Bədavi Hüseynov görüşü buraxmalı olacaq. Zədəli olan kapitan Maksim Medvedev də oyunda iştirak etməyəcək.Onların əvəzinə Elvin Bədəlov və Azər Salahlının meydana çıxacaqları gözlənilir. Bütün çətinliklərə baxmayaraq baş məşqçi Canni de Byazi KİPR millisi ilə oyunda uğurlu nəticə qazanmaq niyyətində olduqlarını deyib. İtaliyalı mütəxəssis Montoneqro ilə görüşdəki səhvlərdən nəticə çıxaracaqlarına ümid edir: "Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Monteneqro ilə görüşdə özümüz qapımızda səhvlər etdik və qollar buraxdıq. Matç başqa cür bitə bilərdi. Bu dəfə situasiyanı dəyişməyə çalışacağıq. Oyun sistemimiz tamam yenilənməyəcək. Monteneqro ilə qarşılaşmadakı sonuncu sistem qalacaq. Taktikamızı isə hər zaman rəqibə uyğun müəyyənləşdiririk. Oyun vaxtı da dəyişikliklərə hazırlıqlı olmalıyıq".

Rəqibimiz KİPR millisi də hazırda böhran yaşayır. Ztəsadüfi deyil ki, ada təmsilçisi keçirdiyi 3 oyunun hamısında məğlub olub. Məhz bu səbəbdən onlar Azərbaycanla qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Baş məşqçi Yohan Vallem oyunçularına inandığını deyib: "Yaxşı komandaya qarşı matçımız olacaq. Oyunçularıma, komandama hər zamankından daha çox inanıram. Futbolçular, assosiasiya və hamımız eyni məqsəd uğrunda mübarizə aparmaq istəyirik: Bu, komandanı daha yaxşı vəziyyətə gətirməkdir. Oyun üçün hazır olduğumuzu düşünürəm. Bu, bizim missiyamızdır. Düzgün düşüncə tərzi ilə komandaya yeni nəsə gətirmək niyyətindəyik. Həmişə mübarizə aparırıq və müsbət düşünürük. Hər matçda inkişaf etməyə çalışacağıq".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.