UEFA Millətlər Liqası çərçivəsində bu gün keçiriləcək Monteneqro – Azərbaycan oyunu öncəsi Monteneqro milli komandasının mətbuat konfransı təşkil olunub. Baş məşqçi Faruk Hacibegiç və komandanın üzvü Marko Simiçin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Faruk Hacibegiç (Baş məşqçi): “Qrupda keçirdiyimiz ilk iki oyunda qələbə qazandıq. Bunun da əsas səbibi rəqiblərə hörmət etmək və oyunlara ciddi yanaşmaqdır. Sabahkı oyunda məğlub olsaq, qrupda üç komandanın eyni sayda – 6 xalı olacaq. Bizim üçün ən yaxşı nəticə qarşıdakı iki oyundan 4 xal toplamaqdır. Komandamın indiyədək nümayiş etdirdiyi futboldan və əldə etdiyi nəticələrdən razıyam. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm. Azərbaycan millisi hörmətə layiqdir və biz onları məğlub etmək üçün hər şey edəcəyik”.

Marko Simiç: “Təəssüf ki, milli komandanın qrupda keçirdiyi ilk iki oyunda iştirak etməmişəm. İndi buradayam, həmişə olduğu kimi, milli komanda üçün əlimdən gələni etməyə hazıram. Hər oyun vacib və həlledicidir. Hər oyuna çox köklənəndə bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.