UEFA Çempionlar Liqasında pley-ofun cavab oyunları keçirilir. İlk görüşdə sərfəli nəticə qazanan komandalardan hamısı qrup mərhələsinə vəsiqə qazanıb. Kiyev “Dinamo”su “Gent”i daha böyük hesabla məğlub edib. “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” “Ferentsvaroş” səddini keçə bilməyib.
UEFA Çempionlar Liqasında pley-of mərhələsinin cavab oyunları keçirilir. “Gent”i səfərdə 2:1 hesabilə məğlub edən Kiyev “Dinamo”su rəqibinə öz meydanında da qalib gəlib. 9-cu dəqiqədə Vitali Buyalskinin estetik zərbəsi ukraynalılara üstünlük qazandırıb. 36-cı dəqiqədə əllə oyuna görə Belçika klubunun qapısına penaltı təyin olunub. Karlos De Pena hədəfdən yayınmayıb. Fasilədən sonra baş hakim Şimon Martsinyak “Gent”i növbəti dəfə penaltı ilə cəzalandırıb. Bu dəfə cərimə meydançasında kobudluq qeydə alınıb. Jerson Rodriges standart vəziyyətdən lazımınca yararlanıb. Oyunda bâşqa qol olmayıb. 2 görüşün yekununa görə ümumən 5:1 hesabilə üstün olan Kiyev "Dinamo"su UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Gent” isə Avroliqanın qrup mərhələsinə yarışacaq.
3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran "Molde" də Ağdam klubu kimi Avropa Liqasında çıxış edəcək. "Ferentsvaroş"la Norveçdə keçirilən ilk oyunda 3:3 hesabı qeydə alınmışdı. Macarıstanda təşkil olunan cavab qarşılaşmasında isə hesab açılmayıb. Beləliklə “Ferentsvaroş” səfərdə vurduğu 3 qol sayəsində UEFA Çempionlar Liqasında qrup mərhələsinə çıxıb.
Kipr "Omoniya"sı ilə Yunanıstan "Olimpiakos"unun cavab görüşündə də qol vurulmayıb. Pirey klubu ilk oyunda 2:0 hesablı qələbə sayəsində UEFA Çempionlar Liqasının qrup yarışında çıxış etmək hüququ qazanıb. "Omoniya" isə Avropa liqasının müvafiq mərhələsində mübarizə aparacaq.