UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”-“Molde” görüşünün məkanı ilə bağlı yekun qərarını verib. Qitə futbol qurumu görüşün neytral meydanda oynanılmasını məqsədəuyğun sayıb. Artıq görüşün keçiriləcəyi ölkə və stadion da bəllidir. Belə ki, sentyabrın 16-da saat 20:00-da start götürəcək oyun Kiprin Larnaka şəhərindəki “AEK Arena” stadionunda keçiriləcək. Xatırladaq ki, koronavirus pandemiyasına görə Avrokubokların təsnifat mərhələlərinin oyunları 1 oyunluq sistemlə təşkil olunur. Püşkə əsasən “Qarabağ” ilk iki mərhələdən sonra “Molde”ni də öz meydanında qəbul etməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.