UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Lüksemburq ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin və komandanın üzvü Maksim Medvedevin oyundən əvvəl keçirilmiş mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Canni de Byazi: “Uzun müddət futboldan kənarda olsam da, qayıdan kimi, bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram. Futbolçular da futbolsuz qalanda onlarda problem yaranır. Əminəm ki, siz də darıxmısınız. Arzu edirəm ki, bu qəribə vəziyyət tezliklə bitsin. Azərbaycan millisi mənim üçün yeni çağırış, stimuldur. Dekabrda İtaliyada A seriyasının bir klubunun təklifini rədd etdim. Azərbaycan variantı daha maraqlı oldu. Burada böyük nailiyyətə imza atmaq istəyirəm. 26 gün əvvəl Bakıya gəlmişik, köməkçilərimlə gündə 18 saat işləmişik. Futbolçuları, mentaliteti, buranın insanlarını tanımağa çalışmışıq. Bu müddətdə 12 məşqimiz olub. Bütün milli komandalar kimi, normal ritmdə çalışmışıq. Futbolçulara inandırmağa çalışmışıq ki, həyatda nəyəsə nail olmaq üçün çox çalışmaq lazımdır. Qrupda reytinqə görə 4-cü komandayıq. Sabah uğurlu nəticə üçün çalışacağıq”.

Maksim Medvedev: “Son günlərdə klubda sıx qrafikdə çalışırıq. Amma hazırda millinin düşərgəsindəyik və intensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır. Yeniliklər oldu və buna uyğunlaşmağa çalışdıq.Heç bir futbolçu məşqlərlə bağlı narazlıq etməyib. Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyil. Mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. Yeni baş məşqçimiz təcrübəli mütəxəssisdir. Ola bilsin gün ərzində iki və ya üç məşqimiz olsun, amma məşqçilər bunu bərabər hissələrə bölür ki, çox yüklənmə olmasın.Lüksemburq futbolu tam fərqlidir. Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Rəqibin bəzi oyunlarını izləmişik və sabahkı oyuna tam hazırıq”.