2 il yarım “Qalatasaray”da oynayandan sonra müqavilə müddəti başa çatan Yuto Naqatomonun Marsel “Olimpik”inə keçəcəyi məlum idi. Yaponiyalı təcrübəli futbolçunun yeni komandada təqdimatı olub. 33 yaşlı müdafiəçi jurnalistlərin suallarını cavablandırarkən əvvəlki kimi istəkli olduğunu vurğulayıb: 33 yaşım olsa da, qızğın mübarizədən kənarda qalmaq fikrim yoxdur. Çətinliyi sevən biriyəm. Bu, mənim həyat fəlsəfəmdir. əsas heyət üzvü olmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Marselə 13 il əvvəlki səfərimi xatırlayıram. Həmin vaxt çıxış etdiyim Kollec komandasıyla bura gəlib oyun keçirmişdik. Hətta mən də 1 qol vurmuşdum.“Velodrom”da “Olimpik”in oyununu izləyəndə nə vaxtsa bu klubun mənə təklif göndərəcəyi barədə xəyallar qurmuşdum.Uzun illərdən sonra buradayam. İnanıram ki, yeni komandamda böyük uğurlar qazanacam. Yuto Naqatomo Hiroki Sakaidən sonra Marsel “Olimpik”inin heyətində 2-ci yaponiyalı olacaq. Təcrübəli müdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında PSJ-dən sonra 2-ci yeri tutan Marsel təmsilçisi UEFA Çempionlar liqasında çıxış edəcək.