UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. “Qarabağ” Moldovanın “Şerif” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda Ağdam təmsilçisi qalib gələrək mərhələ adlayıb.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” “Şerif”i qəbul edib. Görüş Ağdam təmsilçisinin üstünlüyü şəraitində keçib. Fasiləyədək Qurban Qurbanovun komandası hesabı açıb. 22-ci dəqiqədə Uroş Matiç penaltini dəqiq yerinə yetirib. Çox keçmədən qonaqlar azlıqda qalıblar. Anatol Abanq Bədavi Hüseynova qarşı kobud hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam təmsilçisi 63-cü dəqiqədə qonaqları yenidən mərkəzə dəvət edib. Bu dəfə Mahir Emreli hədəfdən yayınmayıb. Çox keçmədən fərq daha da arta bilərdi. Amma Maksim Medvedev fürsətdən yararlana bilməyib. 78-ci dəqiqədə “Şerif” toplardan birinin əvəzini çıxıb. Frank Kastaneda qolu təsəllidən başqa bir işə yaramayıb. 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” 3-cü təsnifat mərhələsinə yüksəlib.