Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklik olub. Qurumun rəsmi saytında verilən məlumata görə, "Lion"u 3 cavabsız qolla məğlub edərək finala adlayan "Bavariya" ümumi sıralamada ilk pilləyə yüksəlib. Hazırda Bundesliqa çempionu ilə İspaniya "Real Madrid"i 134 xala sahib olsalar da, münhenlilər 2019/2020-ci illər mövsümündə avrokuboklarda 34, "kral klubu" isə 17 xal toplayıb. Bu səbəbdən almaniyalılar liderliyi ələ keçiriblər. İlk 3-lüyü isə 128 xalı olan “Barselona” tamamlayır. “Atletiko” 127 xalla 4-cüdür. Ondan 10 xal az toplayan “Yuventus” isə 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında “Pari Sen-Jermen”lə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də Portuqaliyanın Lissabon şəhərindəki "Eştadiu da Luş" stadionunda keçiriləcək.