ATP reytinqində ilk ilk pillədə qərarlaşan Novak Cokoviç “US Open”dəki şanslarından danışıb. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşrinə açıqlama verən serbiyalı raketka ustası mötəbər turnirlə bağlı planlarından danışarkən, bir sıra etirafları ilə də yadda qalıb: “Mən “US Open”ə qatılmaqdan imtina da edə bilərdim. Bu turnirlə bağlı şübhələrim çox idi. Sizi inandırım ki, həmin narahatlıqlar yenə də var. Amma mən oynamaq istəyirəm. Məhz buna görə Nyu-Yorka gəlmişəm. Şəxsən mən səhhətimi riskə atmaqdan qorxmuram. Belə olmasaydı, indi məni qarşınızda görməzdiniz. Əlbəttə, məsuliyyətli olmağa borcluyam və hamı kimi qaydalara əməl etməyə məcburam. Amma qeyri-müəyyənliklər çoxdu.Kortda və ondan kənarda başımıza nə desəniz gələ bilər”. Cokoviç Rafael Nadal və Rocer Federerin “US Open”də çıxış etməməsinə də münasibət bildirib: “Doğrusu, onları bu yarışda görməmək adama bir qədər qəribə gəlir. Rocer və Rafa bizim idman növünün əfsanələridir. Tribunalarda azarkeşlərin öz yerini tutub-tutmamasından asılı olmayaraq, Federerlə Nadalın yeri görünəcək. Mənim hazırda tennis oynamağımın səbəbi də məhz onların müəyyənləşdirdiyi rekordlara çatmaq istəyimlə əlaqədardır”.