“Yuventus” rəhbərliyi komandanın argentinalı hücumçusu Paulo Dibalanı satmaq fikrindədir.
Bu barədə İtaliyanın nüfuzlu “La Gazetta Dello Sport” nəşri məlumat verib. Mənbənin yazdığına görə, Turin klubunun rəhbərliyi 26 yaşlı hücumçusu 90-100 milyon avroya satıb onun yerinə heyətə bir neçə yeni oyunçu cəlb etmək istəyir. Deyilənə görə, komandanın yeni baş məşqçisi Andrea Pirlo Dibalanı toxunulmaz oyunçu hesab etmir.
Xatırladaq ki, Paulo 2015-ci ildə 40 milyon avroya “Palermo”dan “Yuventus”a transfer olunmuşdu. Onun klubla müqavilə müddəti 2022-ci ildə başa çatır.