İtaliya A Seriyasının 34-cü turuna “Yuventus” – “Latsio” matçı ilə yekun vurulub. “Qoca Sinyora” yuxarı pillələrdə gedən “Atalanta” və “İnter”in xal itkisindən məharətlə istifadə edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya daha yaxşı başlayan “Yuventus” 51-ci dəqiqədə fərqlənib. Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirib. Çox keçmədən portuqaliyalı futbolçu dubl edib.
Bununla da, təcrübəli forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçu olub. O, 61 qarşılaşmada 51 dəfə fərqlənib. Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb. Ronaldo həmçinin 1952-ci ildən bəri Turin təmsilçisində bir mövsüm ərzində 30 qol vuran ilk futbolçu olub. Qonaqların gücü yalnız bir qola çatıb. Ciro İmmobile 11 metrlik zərbə ilə fərqi 1 topa endirib. “Yuventus” – “Latsio”: 2-1. Mauritsio Sarrinin komandası 80 xalla liderliyini daha da möhkəmlədib. “İnter”72 xalla ikinci, “Atalanta” isə 71 xalla 3-cüdür. 69 xalı olan “Latsio” 4-cü pillədədir.