“Panatinaikos” klubunun basketbolçuları növbəti mövsüm Avroliqada çox güman ki, çıxış etməyəcək. Yaxın günlərdə komandanın rəhbərliyində dəyişiklik gözlənilir.
“Panatinaikos”un sahibi Dimitris Yannakopulos klubu satışa çıxarmağı qərara alıb. Yunanıstan mətbuatına açıqlamasında o, həmçinin komandanı Avroliqada görmək istəmədiyini də söyləyib. SİTAT “Mən klubun Çempionlar Liqasında mübarizə aparmasının tərəfdarıyam. Amma təbii ki, qərarı verməzdən əvvəl məsləhətləşmək lazımdır. Bütün tərəflər, o cümlədən, azarkeşlər də bu qərardan razı qalmalıdır. Amma başqa bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mən klubu 25 milyon avroya satışa çıxarmışam. Hələ ki, “Pao” etibar etdiyim insanların əlində olacaq. İndiki məqamda klubu çempion kimi və başıuca tərk edirəm. Artıq mənim “Panatinaikos”dakı fəaliyyətim başa çatdı”.
Əslində, Yannakopulosun belə bir addım atacağını gözləmək olardı. Son illər Avroliqa rəhbərliyi ilə münaqişəsi yaranan klubun sahibi müxtəlif vaxtlarda qurumun ünvanına kəskin tənqidlər yağdırırdı. O, son açıqlamalarından birində hətta Avroliqanı mafiozların idarə etdiyini söyləmişdi.