Avqustun 24-nə planlaşdırılan US-open turnirində ATP reytinqinin liderlər qrupunda olan bəzi tennisçilər çox güman ki, yarışda iştirak etməyəcək.Səbəb ABŞ-da koronavirusun tüğyan etməsidir.

ATP reytinqinin ikinci pilləsində qərarlaşan Rafael Nadal “US Open”də iştirakı  ilə bağlı hələ də qəti qəti qərara gəlmədiyini söyləyib. Nadalın sözlərinə görə, yarış ənənəvi şəkildə Nyu-Yorkda keçirilsə, korta çıxmağa  dəyməz. Məsələ ondadır ki, bu şəhərdə virusla bağlı təhlükəsizliyə təminat  vermək mümkün deyil.Reytinqin lideri  Novak Cokoviç də ispaniyalı həmkarına dəstək olub. Serbiya telekanallarından birinə açıqlamasında  Novak hələ yekun qərar vermədiyini dilə gətirib: “Dünya tennisinin ayrı-ayrı turnirlərinin təşkilatçıları ilə söhbət etmişəm. Hamı yarışların bərpa edilməsinin zəruriliyi haqda danışır.  Amma indiki məqamda  “US-Open”lə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.  Düzdür, bizə müəyyən prosedurlara əməl etməyi məsləhət görürlər. Amma onları yerinə yetirmək mümkün deyil. Məsələn, “US Open”in təşkilatçıları bizə Manxettenə gəlməməyi, hava limanının otellərində məskunlaşmağı və hər həftə 2-3 dəfə koronavirus testindən keçməyi tələb edirlər.  Məşqlərdə isə yanımızda yalnız bir nəfər olmalıdır.  Halbuki, məşqçim, fizioterapevtim və başqa işlərdə mənə kömək edən insanlar var. Bütün bunları nəzərə alsaq deyə bilərəm ki, təşkilatçıların tələblərini yerinə yetirə bilməcəyəm. Ona görə də, “US Open”də iştirak edib-etməyəcəyimi hələ müəyyənləşdirməmişəm”.