“Fənərbağça” yeni mövsümə hazırlığı davam etdirir.
Həm baş məşqçi, həm də oyunçu problemləri olan komanda yeni futbolçu ilə razılaşıb. Türkiyə mətbuatı yazır ki, klub rəhbərliyilə PSJ-nin 31 yaşlı hücumçusu Erik Çupo-Motinq arasında danışıqlar müsbət nəticə verib. Kamerunlu futbolçunun Fransa klubu ilə müqavilə müddətinin sonuna hələ 1 il qalıb. Lakin o, əsas heyətə düşə bilmədiyi üçün Parisdən getməyi qərara alıb. Futbolçunun meneceri Rocer Vitmann onun istəyinə uyğun olaraq bir neçə kluba təklif göndərib. Bunların arasında əsasən Fransa və Almaniya komandalarına üstünlük verilib. Lakin futbol agenti “Fənərbağça”nın prezidenti Ali Koçu yaxından tanıdığına görə ilk növbədə İstanbul klubu ilə danışıqlara başlayıb.
Mənbənin məlumatına əsasən artıq tərəflər arasında bütün məsələlər həll olunduğundan müvafiq razılıq əldə edilib.