"Qalatasaray"ın niderlandlı yarımmüdafiəçisi, hazırda icarə əsasında “Ayaks”da çıxış edən Rayan Babel mövsüm başa çatandan sonra "sarı qırmızılar"ın heyətində oynamaq istədiyini bildirib.
Bundan əvvəl İstanbul klubunun rəhbərliyi müqavilə müddəti yayda yekunlaşan futbolçularla yolları ayıracağını bildirmişdi. Komandanın kirayədə olan futbolçuları transferə çıxarıb əldə olunan gəlirlə heyətə yeni oyunçular gətirəcəyi ilə bağlı xəbərlər də yayılıb. Bu məlumat rəsmən təsdiqlənməsə də, Babel “Qalatasaray” klubuna müraciət etməyi lazım bilib: “Öz ölkəmin klubunda oyunum layiqincə alınmadı. Zənn edirəm ki, daha yaxşı çıxış edə bilərdim. Türkiyəli azarkeşlərə isə necə təsir bağışladığımı tam deyə bilmirəm. Komandamda qalmaq və özümü doğrultmaq istəyirəm. Hətta gələn ilə təxirə salınan Avropa çempionatında da, iştirak etmək üçün çalışacağam."
Qeyd edək ki, Rayan Babel “Qalatasaray”a bu mövsümün əvvəlində İngiltərənin "Fulhem" komandasından transfer olunmuşdu. O, İstanbul klubunda 15 oyuna çıxıb və 5 qolla fərqlənib.