MBA-də klub səhmlərinin satılması adi bir haldır. Bu proses müntəzəm xarakter daşımasa da, assosiasiyanın tarixinin müəyyən dövrlərində belə məqamlar az deyil. Bu zaman hətta klublar təmsil etdikləri şəhərləri də dəyişməli olublar.
Amerika mətbuatının yazdığına görə,belə bir tale “San Antonio spörs” klubu üçün də ehtimal edilir. Düzdür, indidən heç kim komandanın Texas ştatını tərk edəcəyini söyləmir. Əksinə, belə bir perspektivin ümumiyyətlə olmadığını deyənlər də var. Amma klubun səhmlərinin bir hissəsinin satılacağı artıq dəqiqləşib. Bu barədəBirləşmiş Ştatların nüfuzlu “Sports İllüstreyted” nəşri məlumat verib. Maraqlıdır ki, xəbər dərc ediləndən əvvəl ötən illərin əfsanəvi basketbolçusu Şakil O`Nil belə bir hadisənin gözlənildiyinə eyham vurmuşdu. Onun sözlərinə görə, bu yaxınlarda MBA-in klublarından biri satışa çıxarılacaq və həmin komanda Nevada ştatının Las Veqas şəhərinə köçəcək. Hətta ABŞ-ın bəzi mətbuat orqanları iddia edir ki, bu komanda “San Antonio” olacaq. Qeyd edək ki, “San Antonio spörs” klubu 1967-ci ildə yaradılıb və o, 1973-cü ilə qədər Dallas şəhərini təmsil edib. Bu komanda indiyə qədər 5 dəfə MBA-də qalib gəlib. Sonuncu dəfə klub Qreqq Popoviçin başçılığı altında 2014-cü ildə çempion tituluna layiq görülüb. Hazırkı mövsümdə şəhərin basketbolçuları Qərb konfrasında 12-ci pilləni tutur.