Son iki mövsümdə Avroliqada parlaq çıxışı ilə hamını heyrətləndirən “Anadolu Efes” ciddi maliyyə böhranı ilə üz-üzə qalıb. Deyəsən, koronavirus İstanbul klubunun maliyyə dayaqlarını ciddi şəkildə sarsıdıb. Bu haqda növbəti süjetimizdə...

Əslində, bir neçə gün əvvəl “Anadololu Efes”in Şeyn Larkinlə müqaviləni yeniləyəcəyi haqqında xəbər heç də klubun böhranda olmasını deməyə əsas vermirdi. Təbii ki, mövsüm dayandırılıbsa, hansı liqada çıxış etməyindən və turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq hər bir komandanın maliyyə problemini həlli üçün gördüyü tədbirlər zəruridir. Klublar sponsorların hesabına da vəziyyətdən çıxış yolu tapa bilər. Amma deyəsən, “Anadolu Efes”in sponsorları klubun arxasında durmaq fikrində deyil. Belə ki, İstanbul basketbolçularının baş meneceri Alper Yılmaz mətbuata açıqlamasında növbəti mövsümdən büdcəni azaldacaqlarını söyləyib: “Bu il qazancımızın 27-28 faizini itirəcəyik. Növbəti mövsüm büdcəmizin 30-40 faizini azaldacağıq. Biz oyunçularla müqavilə müddətini yeniləməklə bağlı danışıqlara başlamamışıq. Amma növbəti mövsümdə heyətimizdə 7-8 legioner olacaq. Avroliqda qələbə yenə də əsas məqsəd kimi qalacaq”.

Yeri gəlmişkən, “Anadolu Efes”in çıxış etdiyi Türkiyə çempionatının taıleyi də sual altındadır. Federasiyanın prezidenti Hidayət Türkoğlu gözləmə mövqeyi tutduqlarını söyləsə də, “Efes” rəhbərliyi mövsümün nəticələrinin ləğvinin əleyhinə çıxacaqlarını bildirib. Yılmaz mövsüm davam etdirilməyəcəyi təqdirdə, komandasının çempion kimi tanınmasını tələb edib.