"Qarabağ barəsində fikir bildirmək çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridir. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var".
Bunu "Qarabağ" futbol klubun vitse-prezidenti Tahir Gözəl Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı futbolçularla keçirdiyi tədbirdə deyib. O, faciə haqda bunları bildirib: "28 il əvvəl bəşər tarixinin ən böyük faciələrindən biri yaşanıb. Xocalıda 613 məsum, tamamilə günahsız insan amansızcasına qətlə yetirilib. Nə qədər ailə məhv edilib, uşaqlar valideynsiz qalıb. Ermənilər, cavan-qoca, uşaq-qadın, fərqi qoymadan görünməmiş qətliam törədiblər. O şəhidləri daim ehtiramla yad etmək hərt birimizin borcudur. Ona görə bu acıları paylaşıyırıq və məhz bu səbəbdən də "Qarabağ" klubu fərqli missiya daşıyır".
Tahir Gözəl daha sonra deyib: "Tam səmimi deyirəm, əsas məqsədimiz klubun adına xidmət etməkdir. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən önəmlidir. Bu adı daşımağımızla fəxr edirəm. Məncə, birliyimiz, cəsarətimiz, uğurlarımız və mənəviyyatımızla Qarabağ adını daşımağa layiqik. Qarabağ adının məsuliyyətini idrak edirik. Klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq".