Milli komandamızın qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılması ilə bağlı fikirlərini bölüşüb.

26 yaşlı qolkiper şəxsi "İnstagram" səhifəsindəki paylaşımında Kostanay təmsilçisinin onun karyerasında önəmli yer tutuduğunu qeyd edib: “Tobol”da daha da inkişaf edib, Qazaxıstan çempionatının yüksək liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Millidə də debütüm məhz bu klubda çıxış edərkən baş tutdu”.

Balayevin sözlərinə görə, ötən mövsümün sonunda “Tobol”dan ayrılacağını ağlından belə keçirməyib: "Yeni baş məşqçinin gəlişindən sonra, təbii ki, karyeram xeyli insanı maraqlandırırdı. Mən isə məlum səbəblərdən komandanı tərk etməyə qərar verdim və qərarımdan zərrə qədər də peşman deyiləm".

Emil ona dəstək olan hər kəsə minnətdarlıq edib: “Klub rəhbərliyinə minnətdaram. Çünki onlar məni başa düşdülər, problem yaratmadan müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un azarkeşlərinə "sağ olun" deyirəm, ilk gündən məni sevdilər, mənəvi dayaq oldular. Hətta indinin özündə də yazırlar, sevgilərini bildirirlər. Bütün kollektivə, komanda yoldaşlarıma təşəkkür edirəm. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"