"Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keyn zədə səbəbinə görə aprel ayına qədər yaşıl meydanlardan kənarda qalacaq.
İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la matçda zədələnən 26 yaşlı hücumçu meydanı vaxtından əvvəl tərk etməli olub. Həmin görüşdə minimal hesabla məğlub olan "Tottenhem", bu azmış kimi həm də önəmli oyunçusunu itirib. Dizaltı vətərlərini zədələyən Harri Keynin əməliyyət olunandan sonra 3 ay futbol oynamayacağı məlum olub. Hazırda Premyer Liqada 30 xalla 6-cı sırada qərarlaşan londonlular növbəti oyunlarını çempionatın lideri "Liverpul"a qarşı keçirəcək. Federasiya kuboku yarışının 3-cü mərhələsində ilk görüşdə "Midlsbro"nun müqavimətini qıra bilməyən Tottenhem futbolçuları Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın "Leyptsiq" komandasına qarşı da Harri Keynsiz mübarizəli aparmalı olacaqlar. Baş məşqçi Joze Mourinyonun hücum xəttində Harrinin yoxluğunu doldurmaq üçün hansı addımı atacağı maraqla gözlənilir. Komandanın heyətində Hyun Min Son, Dele Alli, Erik Lamela, Lukas Moura və Covanni Lo Selso kimi hücumameyilli futbolçular olsa da, onların heç biri mərkəz hücumçusu deyil. 17 yaşlı irlandiyalı Troy Perrotun isə təcrübəsinin və oyun praktikasının çox az olması Joze Mourinyonu daha da dərindən düşünməyə vadar edir. Belə olan halda portuqaliyalı mütəxəssis qış transfer pəncərəsindən faydalanaraq hücumçu transfer etməyi planlaşdırır.
Britaniya mətbuatında yazılan xəbərlərə əsasən, hədəf İtaliyanın Milan komandasında əsas heyətdəki yerini itirən Kşiştof Pyontekdir . Ötən mövsümdə "Cenoa" və "Milan"ın heyətində çıxış edərək A Seriyasında 22 dəfə fərqlənən polşalı futbolçu cari mövsüm rəqiblərinin qapısından cəmi 4 top keçirə bilib. 24 yaşlı Pyontekin də "Milan"ı tərk etmək istədiyi deyilir. Nəzərinizə çatdıraq ki, "Tottenhem"in heyətində Harri Keyndən savayı əsas qapıçı Uqo Lyoris, sol cinah müdafiəçiləri Ben Deyvis və Denni Rouz, yarımmüdafiəçilərdən Tangi Endombele və Musa Sissoko da zədəlilər sırasındadır.