İngiltərə Premyer liqasının 18-ci turunda “Mançester Siti” “Everton”u qəbul edib. Hesabı 14-cü dəqiqədə meydan sahibləri açıblar. Bernardo Silva fərqlənib. Bir qədər sonra İliman Ndiaye tarazlığı bərpa edib. 53-cü dəqiqədə qonaqların qapısına penalti təyin olunub. Lakin Erlinq Holand hədəfdən yayınıb. Qalan dəqiqələrdə başqa qol olmayıb və görüş 1-1 hesabilə yekunlaşıb. “Şəhərlilər” 28 xalla, 6-cı, “Everton” isə 17 xalla 15-ci pillədə qərarlaşıb.
“Nyukasl” öz meydanında “Aston Villa” ilə münasibətlərə aydınlıq gətirib. Meydan sahibi komanda rəqibinin qapısından 3 cavabsız top keçirib. İlk hissədə təkcə Entoni Qordon fərqlənib. Fasilədən sonra Aleksandr İsak fərqi artırıb. Görüşdə vurulan sonuncu qolun müəllifi Joelinton olub. “Nyukasl” – “Aston Villa” 3:0.
Çempionatın lideri “Liverpul” isə autsayderdən üstün olub. Komanda rəqibi “Lester Siti”ni məğlubiyyətə uğradıb. Amma görüşdə hesabı açan tərəf qonaqlar olub. Cordan Ayyu komandasını sevindirib. Qoldan sonra irəli atılan “mersisaydlılar” Kodi Qakpo, Kyörtis Cons və Məhəmməd Salahın qolları ilə qələbəni təmin edib: “Liverpul” – “Lester Siti” 3:1.
Premyer Liqada yüksək pillələr uğrunda yarışan komandalara problem yaradan “Fulhem” bu dəfə “Çelsi”ni xal itkisinə məruz qoyub. Koul Palmer hesabı açaraq “zadəganlar”ı irəli çıxarıb. Amma ikinci hissədə qonaqlar hesabı xeyrinə dəyişib. Harri Uilson və Rodriqo Muniz rəqib qapısına yol tapan futbolçular olub: “Çelsi” – “Fulhem” 1:2.