İngiltərə Premyer Liqasının 7-ci turunda “Aston Villa” öz meydanında “Mançester Yunayted” ilə üz-üzə gəlib. Uzun müddətdir azarkeşləri məyus edən “Qırmızı şeytanlar” yenə də qələbəyə həsrət qalıblar. 7 tur ərzində cəmi 2 qələbəsi olan “mankunyanlar” bu dəfə “Aston Villa” ilə heç-heçə ediblər. “İdman TV” ilə canlı yayımlanan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Aktivinə daha bir xal yazdıran “Aston Villa” 5-ci pillədəki mövqeyində qalıb. “Mançester Yunayted” isə 8 xalla 14-cüdür.
Məğlubiyyətsiz seriyası olan “Çelsi” də heç-heçə edib. “Zadəganlar” 7-ci turda “Nottingem Forest”lə bacarmayıblar. Görüş 1:1 hesabı ilə yekunlaşıb. “Çelsi”nin heyətindən Noni Madueke, qonaqlardan isə Kris Vud rəqib qapısına yol tapıb.
“Brayton” – “Tottenhem” görüşü isə daha məhsuldar alınıb. İlk hissədə London klubu 2 qol vuraraq hesab arasında fərqi artırıb. Brennan Conson və Ceyms Medisson azarkeşləri sevindirib. Lakin ruhdan düşməyən meydan sahibləri ikinci hissədə rəqibə ardıcıl 3 qolla cavab verərək qələbəni təmin edib. Yakuba Minte, Corcinyo Rutter və Denni Uelbek komandanın qələbəsində əsas pay sahibi olublar: “Brayton” – “Tottenhem” 3:2.