Bu gün "Mançester Siti" ilə "İnter" üz-üzə gələcək

18 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Siti” “İnter”i qəbul edəcək.  
“Mançester Siti” bu matça optimal “11-lik”lə çıxacaq. “İnter”in heyətində isə əsas itki Marko Arnautoviç və Federiko Dimarkonun adı ilə bağlıdır. Oyundan əvvəl baş məşqçilər ənənəvi mətbuat konfransında çıxış ediblər. Pep Qvardiola “İnter”i yarışın əsas favoritlərindən biri adlandırıb: “İnterin çox güclü heyəti var. Xüsusilə Nikolo Barela oyununu xüsusi qiymətləndirmək lazımdır. Yeni format bizi həyəcanlandırır. Azarkeşləri və futbol ictimaiyyətini çox maraqlı turnir gözlədiyini deyə bilərəm. Görüşə hazırlıq prosesi bizim üçün yaxşı keçib. Futbolçular meydanda nə etməli olduqlarını yaxşı bilirlər. Çalışacağıq ki, ilk oyunda qalib gəlməklə azarkeşlərimizi sevindirək”.
“İnter”in çalışdırıcısı Simone İnzagi qarşılaşmaya ötən ilki finalın revanşı kimi görmədiyini bildirib. İtalyan baş məşqçi Lautaro Martinesin bu mövsüm qol vura bilməməsindən də danışıb: “Sitiyə məğlub olduğumuz final matçını yenidən izlədim. Bu görüşü unutmalı və artıq yeni formatda – liqa mübarizəsində öz gücümüzü göstərməliyik. Lautaro bizim kapitanımızdır. O  Argentina millisinin düşərgəsindən yeni qayıdıb. İnanıram ki, zamanla əvvəlki formasını bərpa edəcək və yenidən qolları ilə bizi sevindirəcək. “Mançester Siti” hazırda təkcə Avropanın deyil, dünyanın ən güclü komandasıdır. Onların doğma meydanda necə yaxşı çıxış etdiklərini hamı bilir. Meydanda çox böyük güc sərf etməli olacağıq.
Qeyd edək ki, Mançester Siti – İnter matçı bu gün saat 23:00-də başlanacaq. Görüşü isveçli Qlen Nyuberq idarə edəcək.

CANLI YAYIM