UEFA Çempionlar Liqasında birinci turun görüşləri keçirilib. İngiltərə komandalarından „Aston Villa“ ilk görüşünü İsveçrənin „Yanq Boyz“ kollektivinə qarşı keçirib. Bern şəhərində təşkil olunan görüşdə Unay Emerinin kollektivi qapısını toxunulmaz saxlayaraq qələbə qazanıb. Yuri Tilemans, Yakub Remzi və Amadu Onana Yanq Boyzun qapısına yol tapıblar: „Yanq Boyz“ – „Aston Villa“ 0:3.
Azarkeşlərin daha böyük marağına səbəb olan qarşılaşmalardan biri isə „San Siro“ stadionunda keçirilib. Meydan sahibi „Milan“ kollektivi „Liverpul“ futbolçuları ilə üz-üzə gəlib. Görüşdə hesabı rossonerilər açıb. Kristian Pulişiç 3-cü dəqiqədə qonaqları yenidən mərkəzə dəvət edib. Lakin ruhdan düşməyən mersisaydlılar sonradan hesabı öz xeyrlərinə dəyişməyi bacarıblar. İbrahima Konate və Vircil van Dayk fərqlənərək „Liverpul“un fasiləyə öndə yollanmasını təmin ediblər. İkinci hissədə isə Dominik Soboslai yekun nəticəni müəyyənləşdirib: „Milan“ – „Liverpul“ 1:3.
İtaliyanın digər təmsilçisi „Yuventus“ isə Turin şəhərində azarkeşlərini sevindirib. Niderlandın PSV klubu ilə üz-üzə gələn „qoca sinyora“ rəqib qapısından 3 top keçirib. Kenan Yıldız və Ueston Makkeni dəqiq zərbə ilə fərqlənərək ilk hissədə rəqibi mərkəzə dəvət ediblər. Fasilədən sonra isə Nikolas Qonzales qapını dəqiq nişan alıb. PSV futbolçuları buraxılan 3 topa təkcə 1 qolla cavab veriblər. İsmael Saybari mübarizəyə nöqtə qoyub: „Yuventus“ – PSV 3:1.