Paris Olimpiadasında fərdi yarışlarda yeni qaliblər müəyyənləşib

5 Avqust, 13:00 Sosial mediada paylaşın:
Paris Olimpiadasının 9-cu günündə fərdi idman növlərində maraqlı nəticələr qeydə alınıb. Kişilərin 1500m məsafəyə sərbəst üsulla üzmə yarışında Robert Fink bütün rəqiblərini qabaqlamaqla yanaşı, dünya rekordunu qırıb. Beləliklə, Amerika Birləşmiş Ştatları təmsilçisi 3-cü dəfə Olimpiya çempionu olub. İtaliya idmançısı - Qreqorio Paltrinyeri ikinci, irlandiyalı Deniel Viffen isə üçüncü nəticə göstərib.
Sara Şöström qadınlar arasında 50m məsafəyə sərbəst üsulla üzmədə etimadı doğruldub. Bununla da isveçli atlet Paris-2024-də ikinci, Olimpiadalarda isə üçüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstraliyalı Meq Herrris təkcə Şöströmdan geri qalıb. Çin üzgüçüsü - Can Yufey isə bürünc medalla kifayətlənib.
Atletika üzrə daha 3 növdə mübarizəyə yekun vurulub. Kişilərin 100m məsafəyə qaçışında qalib foto-finişlə müəyyənləşib. Amerika Birləşmiş Ştatları təmsilçisi - Noa Layls ilk dəfə Olimpiya çempionu adını qazanıb. Yamaykalı Kişan Tompson ikinci olub. İlk üçlüyü isə Laylsın həmvətəni - Fred Kerli tamamlayıb.
Kişilərin çəkicatma yarışında İten Ketsberq qızıl medala sahib çıxıb. Macarıstan atleti - Bentse Halas təkcə kanadalı həmkarından geri qalıb. Ukrayna idmançısı - Mixail Koxan isə üçüncü olub.
Hündürlüyə tullanmada bütün rəqiblərini qabaqlayan ukraynalı Yaroslava Mahuçix Olimpiadalarda ilk qızıl medalını qazanıb. Avstraliyalı Nikola Olislaqers ikinci, Mahuçixin həmyerlisi - İrina Heraşenko isə üçüncü nəticə göstərib.
Paris-2024-də kişi tennisçilərin yarışına yekun vurulub. Finalda Novak Cokoviç və Karlos Alkaras üz-üzə gəlib. Qalibin tay-breykdə müəyyənləşdiyi hər iki seti aktivinə yazdıran Cokoviç karyera "Qızıl dəbilqə"sini tamamlayıb. Bununla yanaşı, serbiyalı raketka ustası tennisdə ən yaşlı Olimpiya çempionu kimi tarixə düşüb.

CANLI YAYIM