"Fənərbağça" Konfrans Liqasında mübarizəni dayandırdı

19 Aprel, 11:30 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında yarımfinalçıların adlarına aydınlıq gəlib. “Fənərbağça” 1/4 finalın cavab oyununda “Olimpiakos”u qəbul edib. Yunanıstanda keçirilən ilk görüşdə 2:3 hesabilə uduzan İstanbul klubu öz meydanında 11-ci dəqiqədə önə çıxıb. İrfan Can Kahveci diqqət mərkəzinə düşüb. 90 dəqiqədə başqa qol olmayıb. Ümumi hesab bərabərləşdiyindən penalti seriyasına ehtiyac duyulub.  11 metrlik zərbələrdə “Fənərbağça”nın qolkiperi Dominik Livakoviç 2 dəfə topu dəf etsə də, yekunda “Olimpiakos” uğur qazanaraq yarımfinala çıxıb.
“Fiorentina” – “Viktoria Plzen” matçında meydan sahibləri əlavə vaxtda vurulan 2 qolla qalib gəliblər. Çexiya klubu 66-cı dəqiqədə Kadunun qırmızı vərəqəylə cəzalanmasıyla mübarizəni 10 nəfərlə davam etdirib. “Fiorentina”nın heyətində Niko Qonsales 92, Kristian Biragi 108-ci dəqiqədə fərqlənib. Beləliklə Florensiya klubu 2 oyunun nəticəsinə əsasən elə 2:0 hesabilə üstün olaraq yarımfinala yüksəlib.
İngiltərədə “Lill”İ 2:1 hesabilə məğlub edən “Aston Villa” Fransada çətin vəziyyətə düşsə də, mərhələ adlayıb. Yusuf Yazıcı və Benjamen Andre meydan sahiblərini irəli çıxarsa da, sona yaxın Metti Keşin vurduğu qolla ümumi hesab 3:3 olub. Əlavə vaxtda qol vurulmayıb. Penalti seriyasında qonaqlar qalib gələrək yarımfinala vəsiqə qazanıblar.
1/4 finalın ilk matçında Belçikada PAOK-u minimal hesabla məğlub edən “Brügge” səfərdə 2 cavabsız qolla qalib gəlib. Ferran Jucla dubl müəllifi olaraq komandasına qələbə qazandırıb. Beləliklə UEFA Konfrans Liqasının yarımfinalında “Aston Villa” “Olimpiakos”la, “Fiorentina” isə “Brügge” ilə qarşılaşacaq.

CANLI YAYIM