UEFA Avropa Liqasında yarımfinalçıların adına aydınlıq gəldi

19 Aprel, 11:20 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib. “Roma” 1/4 finalın ilk oyununda səfərdə “Milan”ı minimal hesabla məğlub edəndən sonra öz meydanında da uğur qazanıb. Canavarlar ilk hissədə rəqibin qapısından 2 top keçirib. Canluka Mançini 12, Paulo Dibala 22-ci dəqiqədə fərqlənib. 31-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Zeki Çelik Rafael Leaoya qarşı kobudluğa görə qırmızı vərəqəylə cəzalanıb. Lakin say üstünlüyü qazanan “Milan” bundan faydalana bilməyib. Sona yaxın Matteo Qabbia fərqi minimuma endirsə də, bu, yalnız təsəlli olub. “Roma” – “Milan” 2:1. Beləliklə Daniele De Rossinin komandası 2 oyunun nəticəsinə əsasən 3:1 hesabilə qalib gələrək yarımfinala yüksəlib.
Almaniya çempionu “Bayer” Leverkuzen isə Londonda “Vest Hem”in qonağı olub. Meydan sahibləri 13-cü dəqiqədə Mikael Antonionun vurduğu qolla üstünlük qazanıb. Lakin vaxtın  bitməsinə 1 dəqiqə qalmış Ceremi Frimponq tarazlığı bərpa edərək yekun nəticəni müəyyənləşdirib 1:1. İlk oyunda Almaniyada 2 cavabsız qolla qalib gələn “Bayer” 2 oyunun nəticəsinə əsasən 3:1 hesabilə üstün olaraq ən güclü 4 komanda sırasına daxil olub. Xabi Alonsonun komandası məğlubiyyətsizlik seriyasını 44 oyuna çatdıraraq Avropada “Yuventus”un rekordunu yeniləyib.
“Enfild”də “Atalanta”ya 0:3 hesabilə uduzan “Liverpul” Berqamoda minimal hesabla qalib gəlib. 7-ci dəqiqədə Məhəmməd Salahın penaltidən vurduğu qol matçda yeganə olub. Beləliklə “Atalanta” ümumən 3:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.
“Olimpik” Marsel ilk oyunda Portuqaliyada “Benfika”ya 1:2 hesabilə uduzandan sonra Fransada keçirilən cavab görüşündə qalib gəlib. 79-cu dəqiqədə Faris Mumbanyanın vurduğu qol 90 dəqiqənin taleyini həll edib. Ümumi hesab bərabərləşdiyindən əlavə vaxta ehtiyac duyulub. Lakin yarım saat ərzində də komandalar bir-birinin müqavimətini qıra bilməyib. Penalti seriyasında isə Marsel futbolçuları daha dəqiq çıxış edərək yarımfinala vəsiqə qazanıblar. Beləliklə UEFA Avropa Liqasının bu mərhələsində “Roma” – “Bayer”, “Olimpik” Marsel – “Atalanta” matçları keçiriləcək.

CANLI YAYIM