"Qarabağ" bu gün Leverkuzendə "Bayer"lə qarşılaşacaq

12 Mart, 13:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” 1/8 final mərhələsinin cavab oyununa çıxacaq.
Komanda Leverkuzen şəhərinin “BayArena”sında “Bayer”lə üz-üzə gələcək. Bakıda güclü rəqibini 2:2 hesablı heç-heçə ilə büdrətməyi bacaran Ağdam klubu Almaniyadakı qarşılaşmaya ciddi hazırlaşıb. Komanda optimal heyətlə sonadək mübarizəyə hazırdır. Oyundan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb. O, Leverkuzendəki matçın vacibliyini xüsusi vurğulayıb. Lakin futbolçuların ən əsası diqqətli olmalarından bəhs edib: "Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".
Mətbuat konfransında “Qarabağ”ın qapıçısı Andrey Lunyon da iştirak edib. O, növbəti mərhələyə yüksəlmək şanslarının kifayət qədər olduğunu bildirib: “Bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik. Bu mərhələdə əlavə motivasiyaya ehtiyac yoxdur. Komanda hər il Avroliqada oynayır. Təcrübəli oyunçularımız çoxdur. 1/4 finala yüksələcəyimizə inanmalıyıq.”
Oyundan əvvəl keçirilən mətbuat konfransında “Bayer” Leverkuzenin baş məşqçisi Xabi Alonso da fikirlərini bildirib. Təcrübəli mütəxəssis rəqibin güclü olduğunu vurğulayıb: “Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik. “Qarabağ”a qrup mərhələsindəki hər iki oyunda qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlər yaşadıq. Artıq qrup mərhələsində deyilik. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq”
Qeyd edək ki, “Bayer” Leverkuzen – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə gecə yarısı start götürəcək. Qarşılaşmanı Entoni Teylorun rəhbərlik etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM