Bu gün "Milan"la "Pari Sen-Jermen" qarşılaşacaq

7 Noyabr, 14:00 Sosial mediada paylaşın:
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start veriləcək. Mərkəzi qarşılaşmalardan biri F qrupunda oynanılacaq. Lider "Pari Sen-Jermen" sonuncu sıradakı "Milan"ın qonağı olacaq. Matç ərəfəsində hər iki komandanın baş məşqçisi mətbuat nümayəndələrinin qarşısına çıxıb. "Milan"a rəhbərlik edən Stefano Pioli görüşün önəminə diqqət çəkib və konsentrasiya faktorunun nəticəyə təsir edəcəyini bildirib: "Bu matç bizim üçün Çempionlar Liqasında dönüş nöqtəsi olmalıdır. Digər komandalar arasındakı oyunların nəticələrinə bel bağlaya bilmərik, bizim xala ehtiyacımız var. Rəqibimiz yüksəksəviyyəli kollektivdir, amma "Milan"ın heyətində də əla futbolçular var. Parisdəki görüş bizə öyrətdi ki, hər dəqiqə maksimum diqqətli olmalıyıq. PSJ istənilən an qapıya zərbə vura bilər. Bunu anlamalı və əlimizə düşən hər şansdan istifadə etməliyik. İlk oyunda kompakt futbol nümayiş etdirdiyimizi və yaxşı müdafiə olunduğumuzu düşünürəm. Sadəcə, nəticə əldə etmək üçün Kilian Mbappenin qolu və buna bənzər müəyyən epizodlarda daha diqqətli davranmalıyıq".
"Pari Sen-Jermen"in baş məşqçisi Luis Enrike isə qarşılaşmanın ilk matçdan tamamilə fərqlənəcəyini qeyd edib. Bununla yanaşı, ispaniyalı mütəxəssis komandasının "Milan" səfərində də oyun prinsiplərinə sadiq qalacağını vurğulayıb: "Parisdəki oyunu unutmalıyıq. Tamamilə fərqli bir matça çıxacağıq. Təbii ki, həmin görüşdə baş verən müəyyən şeyləri təhlil etməliyik, amma bizim konkret bir yanaşmamız var və evdə, yaxud səfərdə oynamağımızdan asılı olmayaraq, onu dəyişdirmək niyyətində deyilik. "Milan"la müqayisədə topu daha çox özümüzdə saxlamaq, topu itirdikdə onu mümkün qədər tez ələ keçirmək, daha çox qol epizodu yaratmaq və əlbəttə, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, hər iki kollektivdə itkilər var. "Milan" Mattia Kaldara, İsmael Bennaser, Marko Sportiello, Pyer Kalyulu və Marko Pelleqrinonun xidmətindən faydalana bilməyəcək. Həmçinin Simon Kyerin oyunda iştirakı sual altındadır. “Pari Sen-Jermen”də isə Marko Asensio, Danilu Pereyra, Keylor Navas, Serxio Riko, Nunu Mendeş və Presnel Kimpembenin zədə səbəbindən meydana çıxmayacağı dəqiqdir.
"Milan" - PSJgörüşü bu gün gecə yarısı start götürəcək. Xatırladaq ki, Parisdə keçirilən matçda meydan sahiblərinin 3:0 hesablı qələbəsi qeydə alınmışdı.

CANLI YAYIM