Premyer Liqada 11-ci tura yekun vurulub.
Sonuncu oyun günündə debütant “Araz” Naxçıvan” iddialılardan olan “Qarabağ” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsində tərəflərin cəhdləri nəticə verməyib. Fasilədən sonra hesab açılıb. 75-ci dəqiqədə Orxan Əliyev təyin olunan penaltidən yararlanıb. Görüşün sonlarında fərq artıb. İkinci hissədə meydana daxil olan Elvis Maşike ümidləri doğruldub. Konqolu futbolçu əsas vaxta artırılan ilk dəqiqədə komandasının üstünlüyünü artırıb. Lakin “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxmağı bacarıb. 6 dəqiqə sonra Juninyo rəqib qapısına yol tapsa da komandanın bundar artığına gücü çatmayıb. “Araz” Naxçıvan – “Qarabağ” 2:1. Bununla da xallarının sayını 20-ə çatdıran “Araz” ikinci pilləyə yüksəlib. “Qarabağ”ın da aktivində eyni xalı var və komanda ilk üçlüyü tamamlayır. Çempionatın lideri 21 xalla “Zirə” kollektividir.