Maks Ferstappen mövsümdə 16-cı qələbəsini qazandı

30 Oktyabr, 15:12 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün 19-ci Qran-prisi başa çatıb. 
Mexikonun “Hermanos Rodriges” avtodromunda keçirilən final mərhələsində yenə də ssenari dəyişməyib. Ötən həftə Texasda olduğu kimi, yenə də poulu ələ keçirən Şarl Lekler yarışın gedişində liderliyi Maks Ferstappenə təhvil verib.  Təxminən bir ay əvvəl 3-cü çempionluğunu rəsmiləşdirən “Red Bull” pilotu 71 dövrəni 49 dəqiqə 23 saniyəyə qət edərək ardıcıl 4-cü, mövsümdə isə 16-cı qələbəsini qeyd edib.  Bununla da karyerasında 51-ci dəfə Qran-pri qalibi olan niderlandlı pilot əfsanəvi Alen Prostu bu göstəricidə geridə qoyub. Ondan 13,8 saniyə geridə qalan “Mersedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton ikinci olub.  Liderdən 23,1 saniyə geriyə düşən “Ferrari” sürücüsü Şarl Lekler isə 3-cü olub. Yeri gəlmişkən, mükafatlandırma mərasimində Lekler yarışın gedişində Serxio Peresin qəza etməsinə səbəb olduğuna görə azarkeşlər tərəfindən fitə basılıb.  Pereslə yanaşı “Uilyams”dan Loqan Sarcent, “Aston Martin”dən Lens Strolla, Fernando Alonso və “Haas” komandasından Kevin Maqnussen müxtəlif səbəblərdən finiş xəttini keçə bilməyib. Şəxsi birinciliyə gəlincə, Ferstappen xal ehtiyatını 491-ə çatdırıb.  2-ci yerdə qərarlaşan Serxio Peresin hesabında 240 xal var.  Ondan 20 xal geridə qalan Lüis Hemilton 3-cüdür. Mühəndislər Kubokunda isə artıq çempion olan “Red Bull”un 731 xalı var. “Mersedes” 371 xalla 2-ci, “Ferrari” 349 xalla 3-cüdür. Növbəti yarış həftəsonu Braziliyada keçiriləcək.

CANLI YAYIM