PSJ-nin futbolçusu Yulian Draksler Qətərin “Əl-Əhli” klubuna keçib.
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Yaxın Şərq klubu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb. 29 yaşlı futbolçu “Əl-Əhli”də 7 nömrəli forma ilə çıxış edəcək. Xatırladaq ki, Draksler 6 il əvvəl “Volfsburq”dan PSJ-yə keçmişdi. Həmin vaxt parislilər Yuilana görə bundesliqa təmsilçisinə 36 milyon avro təzminat ödəmişdi. Onun “Pari Sen-Jermen”lə müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaqdı. Əlavə edək ki, almaniyalı futbolçu ötən mövsüm icarə əsasında “Benfika”da çıxış etmişdi. O, lissabonluların heyətində keçirdiyi 18 oyunda 2 qolla yadda qalmışdı. Maraqlıdır ki, bir neçə gün əvvəl PSJ-nin daha bir futbolçusu Marko Verratti Qətərin “Əl-Ərəbi” klubuna transfer olunmuşdu.