Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçuların Avropa çempionatına yekun vurulub.
Serbiya və Türkiyə seçmələri arasında oynanılan final görüşü Belçikanin paytaxtı Brüsseldə olub. Matçda azarkeşlər gərgin mübarizə izləyiblər. OYuna daha yaxşı başlayan Serbiya yığması ilk seti aktivinə yazdırıb. İkinci hissədə hadisələr dünya çempionunun əleyhinə cərəyan edib. Nəticədə Türkiyə millisi qarşılaşmada tarazlığı bərpa edib. Üçüncü setdə üstün olan Serbiya kollektivi yenidən önə keçib. Hesabda ikinci dəfə geri düşməsinə baxmayaraq, "ay-ulduzlular" əzmkarlıq nümayiş etdirib. Dördüncü hissədə və ardınca həlledici tay-breyk setində rəqibini məğlub edən Türkiyə komandası tarixində ilk dəfə Avropa çempionatının qalibi olub. 41 xalla qələbədə böyük rol oynayan Melissa Varqas turnirin ən dəyərli oyunçusu seçilib.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İtaliya voleybolçularını 3:0 hesabı ilə məğlub edən Niderland seçməsi qitə çempionatında bürünc medala layiq görülüb.