Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçuların Avropa çempionatında növbəti görüşlər keçirilib. Azərbaycan millisi qrup mərhələsində sonuncu oyununa çıxıb. C qrupunda mübarizə aparan seçməmiz İsveç yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya yaxşı başlayan Skandinaviya təmsilçisi ilk seti aktivinə yazdırıb. İkinci hissədə voleybolçularımız qalib gələrək matça tarazlıq gətiriblər. Lakin Azərbaycan komandasının bundan artığını gücü çatmayıb. Ardıcıl iki setdə üstün olan İsveç kollektivi 3:1 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə əldə edib. İzabel Haak 34 xalla diqqət mərkəzinə düşüb. Millimizin heyətində isə Polina Rəhimova görüşü 25 xalla tamamlayıb.
Qrupun digər oyununda dünya reytinqinin lideri Türkiyə seçməsi Yunanıstan yığması ilə qarşılaşıb. Oyun, gözlənildiyi kimi, "ay-ulduzlular"ın üstünlüyü şəraitində keçib. Etimadı doğruldan Türkiyə kollektivi hər üç setdə rəqibindən güclü olub. Melissa Varqas 22 xalla qələbədə böyük rol oynayıb.
Qeyd edək ki, maksimum nəticə göstərən Türkiyə millisi C qrupunda liderliyi təmin edib. Almaniya seçməsi təkcə qardaş ölkə komandasından geri qalır. İsveç yığması üçüncü, Çexiya kollektivi isə dördüncü sırada qərarlaşıb. Qrupda 5-ci pilləni tutan Azərbaycan millisinin 1/8 finala vəsiqə qazanıb-qazanmayacağı bu gün Çexiya və İsveç voleybolçuları arasında keçiriləcək görüşün nəticəsindən asılı olacaq.