Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçuların Avropa çempionatında növbəti görüşlər keçirilib. C qrupunda mübarizə aparan Azərbaycan yığması dünya reytinqinin lideri, Millətlər Liqasının hazırkı qalibi Türkiyə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma qardaş ölkə komandasının üstünlüyü şəraitində keçib. Yekunda Türkiyə kollektivi hər üç setdə voleybolçularımızdan 25:13 hesabı ilə üstün olub. Melissa Varqas 20 xalla diqqət mərkəzinə düşüb. Millimizin heyətində isə Yelizaveta Ruban və Polina Rəhimova matçı 6 xalla tamamlayıblar. 3 görüşdən sonra aktivində 1 qələbə, 2 məğlubiyyət olan Azərbaycan yığması hazırda C qrupunda 4-cü sırada qərarlaşıb. Komandamız növbəti oyununu avqustun 22-də Yunanıstan seçməsinə qarşı keçirəcək.
Dünya çempionu Serbiya millisi isə Avropa çempionatında ikinci görüşünü Sloveniya yığmasına qarşı keçirib. Üç set davam edən qarşılaşmada sürpriz nəticə qeydə alınmayıb: etimadı doğruldan Serbiya seçməsi 3:0 hesabı ilə qalib gəlib. Tiyana Boşkoviç 14 xalla qələbədə böyük rol oynayıb. A qrupunda mübarizə aparan yarışın digər favoriti Polşa kollektivi də azarkeşlərini sevindirib. Oliviya Rujanskinin 19 xalla diqqət mərkəzinə düşdüyü matçda Stefano Lavarininin komandası Macarıstan voleybolçularını 3:1 hesabı ilə məğlub edib. 3 turdan sonra Serbiya millisi qrupda liderdir, Polşa yığması isə ikinci sırada qərarlaşıb.