Xokkey üzrə dünya çempionatında 3-cü tura yekun vurulub

17 May, 16:52 Sosial mediada paylaşın:
Finlandiya və Latviyada keçirilən xokkey üzrə dünya çempionatının 3-cü turuna yekun vurulub.
A qrupunun liderlərindən olan Danimarka millisi autsayderlər qrupunda qərarlaşan Avstriya yığması ilə qarşılaşıb. İlk hissədə danimarkalılar rəqib qapısına yalnız bir dəfə yol tapıb. Fasilədən sonra avstriyalılar hesabı bərabərləşdirib. Amma şimali avropalılar ikinci fasiləyə də hesabda öndə yollanıb. Oyunun son bölümündə fəallığı artıran Danimarka yığması 11 dəqiqə ərzində 4 qol vuraraq meydanı böyükhesablı qələbə ilə tərk edib. Bu hissədə Avstriya seçməsi yalnız 1 dəfə fərqlənib: Danimarka – Avstriya 6:2. Günün sensasiyasına isə Macarıstan millisi imza atıb. Çempionatın debütantı pley-off uğrunda mübarizə aparan Fransa seçməsini 2 dəfə hesabda geri düşməsinə baxmayaraq, overtaymda məğlub edə bilib: Fransa – Macarıstan 2:3. 3 turdan sonra A qrupuna 9 xalla Amerika Birləşmiş Ştatları millisi başçılıq edir. Danimarka və İsveç yığmalarının hərəyə 8 xalı var.
B qrupunda isə favoritlər meydanı quru hesablı qələbələrlə tərk edib. İsveçrə seçməsi Qazaxıstan komandasıyla oyunda yalnız ilk hissədə qismən çətinliklə üzləşib. Fasiləyə qədər yalnız 1 qol vuran mərkəzi avropalılar sonrakı iki periodda rəqibi daha 4 dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə də Qazaxıstan millisini 5:0 hesabıyla məğlub edən İsveçrə millisi çempionatda ardıcıl 3-cü dəfə quru hesablı qələbə qazanıb. Norveç seçməsi isə Sloveniya millisinin qapısından yalnız 1 şayba keçirərək minimal hesabla qalib gəlib. Qrupdakı vəziyyətə gəlincə, İsveçrə komandası 9 xalla ilk sırada qərarlaşıb. Kanada yığması isə 8 xalla ikinci yerdədədir.

CANLI YAYIM