Millimiz səfərdə İsveç yığması ilə üz-üzə gəlir

27 Mart, 12:00 Sosial mediada paylaşın:
Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
Futbolçularımız səfərdə İsveç komandasının qonağı olacaq. İlk turda səfərdə Avstriyaya məğlub olan millimiz bu oyunda ən azından heç-heçə etmək istəyir. Komandamızın heyətində ciddi itki də var. Belə ki, Avstriya ilə oyunda zədələnən Eddi İsrafilov İsveçlə oyunda iştirak edə bilməyəcək. Bundan başqa həmin görüşdə zəif təsir bağışlayan qapıçı Yusif İmanovla müdafiəçi Bəxtiyar Həsənəlizadənin da ehtiyatda oturacaqları istisna deyil. Baş məşqçi Canni De Byazi oyunda öncə keçirilən mətbuat konfransında Avstriya məğlubiyyətindən dərs çıxartmalı olduqlarını deyib: “İsveçə yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.
Rəqib İsveç millisi də oyuna ciddi hazırlaşıb. İlk oyunda evdə Belçikaya məğlub olan skandinaviyalılar bu dəfə doğma meydanda qələbə qazanmağı düşünür. Komandanın əsas ulduzu Zlatan İbrahimoviç isə oyunu buraxa da bilər. Çünki 41 yaşlı forvard son məşqdə iştirak etməyib. Baş məşqçi Yanne Andersson isə ehtiyatlı danışaraq milli komandamızda texnikalı oyunçuların çoxluğunu dilə gətirib: "Rəqib futbolçular yüksək texnikaya malikdirlər. Bu mənada, bizə çox çətin olacaq. Heç bir rəqibi zəif saymaq olmaz. Avstriya - Azərbaycan matçında hesab oyuna görə olmadı. İlk 20 dəqiqədə Azərbaycan millsi maraqlı oyun göstərirdi. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra futbolçular ruhdan düşdülər. Çox yaxşı başa düşürük ki, ardıcıl ikinci oyunda xal itirməməliyik. Bu səbəbdən matça çox ciddi hazırlaşırıq. Qələbə uğrunda mübarizə aparacağıq". Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtilə saat 23:45-də baş tutacaq. Oyunu  Fransadan olan qadın hakim Stefani Frappara idarə edəcək.

CANLI YAYIM