"Anadolu Efes" pley-offa vəsiqə qazana bilmədi

17 Mart, 16:28 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 29-cu turun oyunları start götürüb. Son iki mövsümün çempionu “Anadolu Efes” İstanbulda “Partizan”ı qəbul edib. Türkiyə təmsilçsi oyuna yaxşı başlasa da, fasiləyə qədər üstünlüyü əldən verib. İkinci hissədə Ergin Atamanın yetirmələri yenidən təşəbbüsü ələ alıb. Amma son 10 dəqiqəlik hissədə belqradlılar daha dəqiq atışlar yerinə yetirərək bu mövsüm İstanbulda ikinci qələbəsini qazanıb. Xatırldadaq ki, mövsümün gedişində Jelko Obradoviçin komandası “Fənərbağça”nı da səfərdə məğlub etmişdi. Beləliklə də, “Partizan”a 84:97 hesabıyla məğlub olan “Anadolu Efes” pley-offa vəsiqə şansını itirib.
Çempionatın lideri “Olimpiakos” isə Kaunasda “Jalgiris”i 74:72 hesabıyla məğlub edib. Pireylilərin qələbə qazanmasında 25 xal toplayan bolqarıstanlı basketbolçu Alkesandar Vezenkov böyük rol oynayıb. Çempionatın favoritlərindən olan “Monako” da evdə “Virtus Bolonya”ya heç bir şans verməyib: 81:68. Pley-offa vəsiqə uğrunda mübarizə aparan Təl-Əviv “Makkabi”si “Baskoniya”nı 93:79 hesabıyla məğlub edərək işini asanlaşdırdı. Artıq ¼ finala vəsiqəni təmin edən “Fənərbağça” isə  İspaniyada “Valensiya”ya 80:82 hesabıyla uduzub.  “Real Madrid” Dzanan Musanın 27 xal topladığı oyunda doğma meydanda “Olimpiya Milano”nu 91:87 hesabıyla məğlub edib. Sonuncu pillələrdə qərarlaşan “Panatinaikos” Fransada “Lion Villerban”dan 86:82 hesabıyla üstün olub.
 

CANLI YAYIM