"Arsenal" Lissabondan heç-heçə ilə qayıtdı

10 Mart, 16:28 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında Portuqaliyanın "Sportinq" klubu doğma meydanda İngiltərə Premyer Liqasının zirvəsində qərarlaşan "Arsenal" ilə üz-üzə gəlib. Görüşə sürətli hücumlarla başlayan "topçular" 22-ci dəqiqədə hesabı açıblar. Uilyam Saliba dəqiq zərbə ilə fərqlənib. Lakin ilk hissədə meydan sahibləri bərabərlik yaratmağa müvəffəq olub. Qonsalu İnasiu künc zərbəsindən sonra topu başla qapıya vurub. Fasilədən sonra Paulinyo Portuqaliya təmsilçisini irəli çıxarıb. Amma 7 dəqiqə sonra Qranit Cakanın zərbəsindən sonra Hidemasa Moritaya dəyən top qapıya daxil olub. Beləliklə, matç heç-heçə yekunlaşıb: "Sportinq" - "Arsenal" 2:2.
"Roma" "Stadio Olimpiko"da İspaniya təmsilçisi "Real Sosyedad"la qarşılaşıb. Joze Maurinyonun kollektivi qapısını toxunulmaz saxlayaraq qələbə qazanıb. 13-cü dəqiqədə Temmi Abrahamın ötürməsindən sonra Stefan El Şaravi hesabı açıb. İkinci hissədə "canavar"lar daha bir qol vurmaqla qələbəni təmin ediblər. Maraş Kumbulla mübarizəyə nöqtə qoyub: "Roma" - "Real Sosyedad" 2:0
Eyni hesab "Bayer" Leverkuzen - "Ferentsvaroş" görüşündə də qeydə alınıb. 10-cu dəqiqədə türk əsilli almaniyalı futbolçu Kerem Demirbay "Bayer"i hesabda irəli çıxarıb. Qarşılaşmanın sonlarında isə Edmond Tapsoba komandasının ikinci qolunun müəllifi olub. "Bayer" Leverkuzen - "Ferentsvaroş" 2:0.
Almaniya Bundesliqasında yüksək pillələrdə qərarlaşan "Yunion" Berlin isə Belçika təmsilçisi "Yunion Royal" Sen-Jilluaz ilə bacarmayıb. Qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb. Almaniya klubunun heyətindən Yosip Yuranoviç, Robin Knoxe və Sven Miçel rəqib qapısına yol tapıblar. Belçika təmsilçisindən Viktor Benifase dubl edib. Yorbe Verttessen isə 1 dəfə fərqlənib. "Yunion" Berlin - "Yunion Royal" Sen-Jilluaz. 3:3.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 16-sı və 17-si tarixlərində keçiriləcək.

CANLI YAYIM