"Fənərbağça" Sevilyada uduzdu

10 Mart, 14:23 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Yuventus” Almaniya təmsilçisi “Frayburq”la üz-üzə gəlib. “Allianz” Arenada keçirilən matçda İtaliya klubu rəqibini çətinliklə məğlub edib. “Qoca sinyora” “Frayburq”un qapısından 1 cavabsız top keçirməklə uğur qazanıb. Görüşdə vurulan yeganə qolun müəllifi Anxel Dimariya olub. Argentinalı futbolçu 53-cü dəqiqədə Filip Kostiçin ötürməsini dəqiq tamamlayıb. “Yuventus” – “Frayburq” 1:0.
“Mançester Yunayted” “Old Trafford”da “Betis” ilə qarşılaşıb. İlk hissədə azarkeşlər qarşılıqlı qollar izləyiblər. 6-cı dəqiqədə Markus Reşford hesabı açıb. İlk yarının ortalarında “Betis”in heyətindən Ayose Peres bərabərliyi təmin edib. Fasilədən sonra “mankunyanlar” daha 3 qol vuraraq qələbəni təmin ediblər. Antoni, Bruno Fernandeş və Vaut Veqhorst mübarizəyə nöqtə qoyub. “Mançester Yunayted” – “Betis” 4:1. Beləliklə də, “qırmızı şeytanlar” 23 ildən sonra doğma meydanda məğlubiyyətsiz seriyasını 21-ə çatdırıb.
Türkiyə təmsilçilərindən “Fənərbağça” isə İspaniyadan əliboş qayıdıb. Komanda La Liqanın düşmə zonasında qərarlaşan “Sevilya” ilə bacarmayıb. Xorxe Sampaolinin kollektivi 2 qolla qələbəni rəsmiləşdirib. Hər iki qol ikinci hissəyə təsadüf edib. Əvvəlcə Xoan Xordan Moreno, ardınca isə Erik Lamela dəqiq zərbə ilə yadda qalıblar: “Sevilya” – “Fənərbağça” 2:0.
“Şaxtyor” Donetsk – “Feyenord” görüşü isə heç-heçə yekunlaşıb. Ukrayna klubunun heyətindən Yaroslav Rakitski, qonaqlardan isə Ezekiel Bulyaude qapılara yol tapıblar. 1:1.

CANLI YAYIM