Futzal millimiz səfərdə Polşa yığması ilə qarşılaşacaq

6 Mart, 13:00 Sosial mediada paylaşın:
Futzal üzrə milli komandamız sabah Polşa yığması ilə üz-üzə gələcək. 2024-cü dünya çempionatının seçmə mərhələsinin son oyuna təsadüf edən qarşılaşma komandamız üçün formal xarakter daşıyır. Belə ki, martın 3-də Bakıda Yunanıstan komandasına 5-2 hesabı ilə qalib gələn yığmamız Elit Raunda vəsiqəni təmin edib. Bununla belə komandamız Polşa səfərində də qələbəyə iddialıdır.
Millimizin baş məşqçisi Joze Alesio Da Silva oyundan əvvəl bu fikirləri səsləndirib: "Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, futzalçılarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, müəyyən taktiki çalışmalara vaxt ayırdıq. Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Biz də oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik".
Xatırladaq ki, Bakıda oyunda millimiz polşalı rəqibindən 4-3 hesabı ilə üstün olmuşdu. Poşladakı matçın qrup liderliyi baxımından əhəmiyyət kəsb etdiyini  deyən futzalçılarmız yalnız qələbə barədə düşünür. 
Qeyd edək ki, Koşalin şəhərinin İdman Zalında keçiriləcək Polşa – Azərbaycan matçı Bakı vatı ilə saat 23:00-da başlayacaq.

CANLI YAYIM