"Qalatasaray" qələbə seriyasını 11-ə yüksəltdi

2 Fevral, 16:07 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasının 22-ci turunda çempionatın lideri “Qalatasaray” doğma meydanda İstanbulun digər təmsilçisi “Ümraniyəspor”la üz-üzə gəlib. Qarşılaşmaya meydan sahibləri daha yaxşı başlasalar da hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə Umut Nayır Jeraldunun ötürməsini qolla tamamlayıb. Lakin ilk yarının ortasında “Cimbom” bərabərlik yaradıb. Künc zərbəsindən sonra Abdulkerim Bardakçı topu qapıya vurub. Az sonra “Ümraniyəspor” futbolçuları yenidən irəli çıxıblar. Oguz Qurbulak komandasını sevindirib. İkinci hissədə “sarı qırmızılar”ın hücumçusu Mauro İkardi baxımlı zərbə ilə penaltini dəqiq yerinə yetirib - 2:2. 77-ci dəqiqədə Dyurel Avunu qırmızı vərəqə ilə cəzalanaraq “Ümraniyəspor”u azlıqda qoyub. 86-cı dəqiqədə argentinalı ulduz bu dəfə başla fərqlənərək komandasına qələbə qazandırıb. “Qalatasaray” – “Ümraniyəspor” 3:2. Bununla da, xallarının sayını 51-ə çatdıran “Cimbom” qələbə seriyasını 11-ə çatdırıb.
“Trabzonspor” isə “Antalyaspor”la üz-üzə gəlib. “Qara dəniz fırtınası” rəqibinə 2 top fərqi ilə qalib gələrək turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. 34-cü dəqiqədə Trezege Trabzon klubunu irəli çıxaraq qolun müəllifi olub. Əsas vaxt ərzində lazımı hesabı qoyuran Abdullah Avcının kollektivi artırılan vaxtda daha bir qol vurub. Naci Ünüvar mübarizəyə nöqtə qoyub: “Trabzonspor” – “Antalyaspor” 2:0.

CANLI YAYIM