İdman TV-nin 14 yaşı tamam olur

1 Fevral, 14:30 Sosial mediada paylaşın:
“İdman TV”nin fəaliyyətə başlamasından 14 il ötür. Telekomandamız ilk günlərdən ölkəmizin idman siyasətini layiqincə təbliğ etməyə çalışır. Yeniyetmə və gənclərimizin cəmiyyətin fəal üzvünə çevrilməsi, onların vətənpərvər övlad, əsl vətəndaş kimi yetişməsinə nail olmaq ümdə məqsədlərimizdəndir. İllər keçsə də, bu məramımız nəinki dəyişməyib, əksinə, daha da təkmilləşib. Daim sizin marağınızın bir parçası olmağa, sevginizi qazanmağa çalışmışıq, əziz tamaşaçılar.
 
“İdman kimi Azərbaycanın müstəqillik rəmzlərini əks etdirən ikinci vasitə yoxdur!” Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu sözlərin mahiyyəti, onların məna yükü ölkədə ayrıca idman kanalının yaradılmasının zəruriliyini göstərirdi. Bu ictimai sifarişin reallaşması idmanın tərəqqisinə, onun uğurlu təbliğinə, habelə böyüməkdə olan nəslin sağlam həyat tərzinə cəlb olunmasına güclü təkan olardı. Bunun məntiqi nəticəsi olaraq prezident İlham Əliyev idman kanalının yaradılmasına dair sərəncam verdi. Test yayımı ilə efirə çıxan telekanal 2009-cu il fevralın 1-də rəsmən fəaliyyətə başladı.
Müxtəlif maraqlı idman proqramları ilə hər gün tamaşaçıların qarşısına çıxan “İdman TV” fəaliyyət yoluna daha bir halqa əlavə edir. İdmansevərlərin mavi ekranlarda həvəslə izlədiyi kanalımız artıq 43-cü ildir ki , üzərinə düşən missiyanı uğurla yerinə yetirir.
  Fəaliyyətimiz dövründə müxtəlif növlər üzrə dünya, Avropa çempionatları, olimpiya təsnifat turnirləri, yüksək kateqoriyalı beynəlxalq yarışlar “İdman TV” ilə yayımlanıb. Onların sayı yüzlərlə, bəlkə minlərlədir. Amma, təbii ki, Yay və Qış Olimpiya Oyunları, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası, Avropa Liqası və bu kimi çoxsaylı mötəbər turnirlər xüsusi çəkiyə malikdir. Bakıda keçirilən futbol üzrə Avropa  çempionatı, Formula 1 üzrə dünya çempionatları, gimnastika idmanı üzrə dünya və Avropa çempionatları, eləcə də dünya kubokları və digər nüfzulu büynəlxalq yarışlar  “İdman Tv”-də  yüksək peşəkarlıqla azarkeşlərə təqdim edilib.
“İdman Tv” –nin əsas uğurlarından biri də yüksək maddi texniki bazaya sahib olmasıdır. HD formatda yayımlanan kanalımızda texnologiyanın ən son avadanlıqlarından istifadə olunur. Bu gün “İdman TV” ən müasir və yüksək dizanlı studiyalara malikdir. 
 “İdman TV”nin verilişlərində - “İdman Aktual”, “Mərkəzi xətt”, “İdman və media”, “Bilinməyən mən”,  “Bayraqdar”, “Şahmat klubu”,  “Dumanlı Albion”, “Primero”, “Skudetto”, “Ay-ulduzlu liqa”, “Harmoniya”, “Kort”, “Basketbol”, “Rinq”, “Sabahın ulduzları”, “Sport -103 və s. proqramlarda müasir telejurnalistikanın müxtəlif yaradıcılıq üsulları tətbiq olunur.  “İdman Tv” –nin uğurlarından biri də həftədə 5 gün yayımlanan “İdman Səhər” proqramıdır ki, buradan da hər səhər tamaşaçılarımıza müsbət  enerji ötürülür.
   İdman TV kollektivi Vətən müharibəsi dövründə də üzərinə düşən məsuliyyəti lazımınca dərk edərək tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Həftədə iki dəfə canlı efirə gedən “Qarabağ Azərbaycandır” verilişində, həmçinin xəbərlər proqramında cəbhədə baş verənlər, idmançı əsgərlərimizin şücaəti, qəhrəmanlığı dolğun şəkildə əksini tapdı. Müharibə iştirakçıları, şəhidlərimiz barədə sənədli xronikal film-esselər də tamaşaçı rəğbəti qazandı.      Hazırda bütün Azərbaycana yayımlanan İdman TV 2015-ci il oktyabrın 12-dən fasiləsiz, yəni, 24 saatlıq iş rejiminə keçib. Bu da verilişlərin illik həcminin 6 min saatdan 9 min saata çatdırılması deməkdir. Bu gün İdman TV Azərbaycan idmanının təbliğatçısı, atletlərimizin uğurlarının carçısı, eləcə də  idmanımızın inkişafı istqiamətində  mühüm işlər həyata keçirir. Qarşıda isə hələ böyük yarışlardan saysız-hesabsız birbaşa yayımlar, telereportajlar var, istəkli dostlar. İdman Tv bundan sonra da  Azərbaycan idmançılarının beynəlxalq arenalarda uğurlarının işıqlandırılaması, sağlam həyat tərzinin təbligi yolunda missiyasına sadiq qalacaq.
İnanırıq ki, televiziya məkanında hərzaman özünəməxsus yeri olan İdman TV qarşıdakı illərdə də tamaşaçıların rəğbətini doğrultmağa çalışacaq. Yeni yaşın uğurlu olsun doğma kanal!
 

CANLI YAYIM