Formula 1-in dəyəri yüksəlib

30 Yanvar, 17:00 Sosial mediada paylaşın:
Formula 1-ə rəhbərlik edən “Liberty Media” dünyanın ən dəyərli idman təşkilatıdır. Nüfuzlu “Forbs” nəşrinin hesablamasına görə,  Amerika Birləşmiş Ştatlarına məxsus olan bu şirkətin ümumi dəyəri 20,8 milyard dollara bərabərdir. Formula 1-in isə ümumi qiyməti 17,1 milyard dollarla ölçülür. Ümumilikdə “Forbs”un siyahısına düşən 25 idman təşkilatının birgə dəyəri isə 173 milyard dollara bərabər olub. Bu, ötən illə müqayisədə 23 faiz çoxdur. Formula 1-in isə 1 il ərzində dəyəri 5 faiz artıb. Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanının dövlət fondunun Formula 1-in səhmlərinə sahib çıxmaq istəyi ilə bağlı xəbər yayılmışdı. Bir müddət sonra Liberty Media bu məlumatı təsdiqlədi. Amma şirkət Formula 1 üçün 20 milyard dollar təklif edən ərəblərlə sövdələşməkdən imtina etdi.
Qiymətlərdən söz düşmüşkən, avropalı jurnalistlər Maks Ferstappenin şəxsi avtomobillərinin dəyəri ilə bağlı hesablama aparıb. Araşdırmalar nəticəsində ikiqat dünya çempionunun qarajında 10 avtomobilin olduğu məlum olub. Onların ümumi qiyməti isə 6,4 milyon avroya bərabərdir.  Bu nəqliyyat vasitələrindən 9-nu niderlandlı pilot öz şəxsi vəsaiti hesabına alıb. Yalnız “Reno Clio” markasını Maksa valideynləri hədiyyə edib.

CANLI YAYIM