Millimiz Dünya Kubokunun qalibi olub

30 Yanvar, 13:00 Sosial mediada paylaşın:
İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku yekunlaşıb.
Yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.
Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub edib və turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlib.
Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı heç-heçə tamamlanıb, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6:5 hesabı ilə qələbə qazanıb.
Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olub.
Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da açılıb. Qonaqlara Azərbaycan pavilyonunda ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanları barədə məlumatlar təqdim olunub, eksponatlar sərgilənib. Pavilyonda milli geyimlər, xalça və ipək sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, eləcə də 150 illik tarixi olan kəlağayı maraqla izlənilib. Həmçinin Azərbaycan ərazisindəki müxtəlif arxeoloji tapıntılar, qədim sənət növləri, o cümlədən dulusçuluq nümunələri sərgilənib və dulusçuluq üzrə ustad dərsləri təşkil olunub.
Pavilyonda izləyicilərə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilib.

CANLI YAYIM