Coşuanın rəqibi məlum olub, Usiklə Fyuri razılığa gələ bilər

26 Yanvar, 17:18 Sosial mediada paylaşın:
Superağır çəkidə boks üzrə sabiq dünya çempionu Entoni Coşuanın növbəti rəqibi məlum olub. Britaniyalı boksçu amerikalı Cermeyn Franklinlə qarşılaşacaq. Döyüş aprelin 1-də Londonun O2 arenasında təşkil olunacaq. Xatırladaq ki, Entoni avqustda keçirdiyi son döyüşündə ukraynalı Aleksandr Usikə məğlub olmuşdu. Coşua bu günə qədər keçirdiyi döyüşlərdə 22-i nokaut olmaqla 24 qələbə qazanıb, 3 dəfə isə uduzub. Franklin isə 21 dəfə rəqiblərindən üstün olubsa, bir dəfə uğursuzluğa düçar olub.
Amerikalı əlcək ustası Deontey Uaylderin meneceri Şelli Finkel isə Entoni Coşuanın  onların təklifindən imtina etdiyini iddia edib. O, britaniyalı ilə əlaqə saxladıqlarını və ona 50 milyon dollar ödənilə biləcəyini söyləyib. Amma Coşua Uaylderlə rinqə çıxmaqda maraqlı olmadığını söyləyib. Halbuki, Deonteylə 50 milyon dollar müqabillində döyüşməyə hazır olduğunu məhz elə Coşua bildirmişdi. Amma qarşı tərəf bu məbləği təşkil etməyə hazır olduqlarını deyəndə Entoni geri çəkilib.
Yeri gəlmişkən, Coşuanı məğlub edərək kəmərlərinə sahib çıxan Aleksandr Usikin Tayson Fyuri ilə döyüşü ilə bağlı razılıq əldə olunub. Britaniyalı boksçunun proumoteri Bob Arum mətbuata açıqlamasında deyib: “Görüşün Səudiyyə Ərəbistanında təşkil olunmaq variantı yüksəkdir. Usikin komandası mənə ərəblərin onlara cəlbedici təklif ünvanladığını söyləyib. Həqiqətən də ərəblər bunda maraqlıdırsa, biz də bu sövdələşməyə razı olacağıq. Görüş Ramazan ayından əvvəl və ya sonra da təşkil oluna bilər. Boksçulara hazırlıq keçmək çox da vaxt lazım olmayacaq. Ümid edirəm ki, hər şey plana uyğun gedəcək. Əks halda, Fyuri Co Coysla qarşılaşacaq”.

CANLI YAYIM