Sebastyan Löb ardıcıl 4-cü dəfə qalib gəlib

13 Yanvar, 16:33 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən ənənəvi Dakar rallisinin 11-cİ günü günü geridə qalıb.  Motoksikletçilərin yarışında “Huskvarna”nın argentinalı üzvü Lusiano Benavides 2 saat 57 dəqiqə 59 saniyəlik göstərici ilə qalib gəlib.  Ondan 1 dəqiqə 38 saniyə geridə qalan “Qasqas” komandasının avstraliyalı motosikletçisi  Daniel Sanders yarışı 2-ci yerdə tamamlayıb. Daha bir avstraliyalı yarış iştirakçısı Tobi Prays 3-cü olub. Ümumi sıralamaya isə “Huskvarna”nın amerikalı motosikletçisi Skayler Hous başçılıq edir.
Avtomobil pilotları arasında yarışında isə ardıcıl 4-cü gündür ki, eyni nəticə təkrarlanır. Ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb bu dəfə də rəqiblərinə heç bir şans verməyib. BRX komandasının fransalı üzvü finiş xəttini 2 saat 56 dəqiqə 14 saniyəyə keçib. Elə ikinci yeri də BRX-in digər fransalı pilotu Gerlen Şişeri tutub. O, Löbdən 2 dəqiqə 16 saniyə geri düşüb.  3-cü pilləni isə “Audi”nin isveçli üzvü  Mattias Ekstrem tutub. Şəxsi birinciyiliyə gəlincə, “Toyota”nın qətərli pilotu Nasser Əl-Attiyə hələ də liderliyini davam etdirir.
Yük avtomobillərini idarə edən pilotların yarışında isə növbəti dəfə “İveko” sürücüləri uğur qazanıb.  Bu komandanın niderlandlı üzvü Martin van den Brink 3 saat 39 dəqiqə 52 saniyəlik göstərici ilə yarışın qalibi olub.  Çexiyalı Martin Matsik isə ondan 18 dəqiqə 8 saniyə geri qalmaqla 2-ci yerə sahib çıxıb.  “Reno”nu təmsil edən niderlandlı Paskal De Bar isə 3-cü yerdə qərarlaşıb.  Şəxsi birinciliyə isə ən yaxın izləyicisini 1 dəqiqə 12 saniyə qabaqlayan “İveko”nun niderlandlı pilotu Yanus van Kasteren başçılıq edir.

CANLI YAYIM