"Fənərbağça" daha bir qələbə qazandı

13 Yanvar, 14:23 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 19-ci tura start verilib.
Ardıcıl 5 məğlubiyyətdən sonra ötən tur azarkeşlərini qələbə ilə sevindirən “Fənərbağça” bu dəfə də uğurlu nəticə ilə yadda qalıb.  İstanbulda “Bavariya”nı qəbul edən Dimitris İtudisin komandası ilk 3 bölümdə meydanda dominantlıq edib. Son 10 dəqiqəlik hissədə münhenlilər təşəbbüsü ələ alsa da, “sarı lacivərdlilər” üstünlüyünü əldən verməyib: Fənərbağça – Bavariya 79:71.  Oyunun ən məhsuldar oyunçusu isə 22 xal toplayan “Fənərbağça”nın forvardı Conatan Motli olub. Çempionatın liderlərindən olan “Monako” isə gözlənilmədən səfərdə “Srvena Zvezda” qarşısında darmadağın olunub. Fasiləyə 18 xal fərqi ilə geridə yollanan “Knyazlıq klubu”  ikinci hissədə də Belqrad təmsilçisinə heç bir müqavimət göstərə bilməyib: Srvena Zvezda – Monako 92:68. “Real Madrid” isə Berlində “Alba” ilə oyunda sensasiyanın qeydə alınmasına imkan verməyib.  Oyunun ilk bölümündə rəqibi üzərində üstünlük əldə edən İspaniya təmsilçisi sona qədər nəzarəti əlində saxlayıb: Alba Berlin – Real Madrid 77:84. Günün ən dramatik oyunu Bolonyada keçirilib. “Virtus”la oyunun ilk 30 dəqiqəsində inamlı təsir bağışlayan “Olimpiakos” görüşün sonlarında rəqibinin ciddi təzyiqi ilə üzləşib. Buna baxmayaraq Yunanıstan təmsilçisi çətinliklə də olsa, üstünlüyünü qoruya bilib: Virtus Bolonya – Olimpiakos 83:85.

CANLI YAYIM