Belçika Kanadanı məğlub etdi, xorvatlar Mərakeşlə bacarmadı

24 Noyabr, 12:03 Sosial mediada paylaşın:
Dünya çempionatında F qrupunda çıxış edən Xorvatiya millisi Mərakeş seçməsi ilə üz-üzə gəlib. 4 il əvvəl tarixinin ən böyük uğuruna imza ataraq, dünya çempionatının gümüş mükafatını əldə edən xorvatiyalılar matçın favoriti sayılırdılar. Amma tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Xorvatiya millisinin kapitanı Luka Modriç isə unikal göstərici ilə tarixə düşüb. 37 yaşlı yarımmüdafiəçi 3 müxtəlif 10 illikdə həm Avropa həm dünya çempionatında oynayan yeganə futbolçu olub. Qeyd edək ki, Modriç 4 mundial və 4 dəfə də qitə çempionatında meydana çıxıb. Əlavə edək ki, növbəti turda Xorvatiya millisi kanada seçməsi ilə, Mərakeş yığması isə Belçika kollektivi ilə üz-üzə gələcək.
F qrupunun favoriti Belçika yığması Kanada futbolçuları ilə görüşüb. Artıq 10-cu dəqiqədə hakim Belçikanın qapısına penalti təyin edib. "Bavariya"nın futbolçusu Alfonso Deyvis ələ düşən fürsətdən yararlana bilməyib. Tibu Kurtua komandasını qoldan xilas edib. Hesab ilk hissənin sonlarında açılıb. Tobi Alderveyreldin uzaq məsafədən ötürməsindən sonra Mişu Batşuayi topu birbaşa qapıya vurub. İkinci hissədə də tərəflər qapılar özündə təhlükəli vəziyyətlər yaratsalar da hesab dəyişməyib: Belçika - Kanada 1:0.

CANLI YAYIM